Yeni il şənliyi
Hər il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi kollecdə bayram ab-havasında və təntənəli şəkildə qeyd olunur. 2015-ci ilin gəlişi münasibətilə dekabrın 25-də Mingəçevirin “Mingo Park” əyləncə mərkəzində kollecin kollektivinin iştirakı ilə bayram şənliyi keçirildi. Tədbirin aparıcısı olan fənn müəllimləri Rəhimova Aygül və Kazımova Türkan müəllimləri salamlayaraq Yeni il münasibəti ilə təbrik etdilər. Təbrik üçün söz kollecin direktoru, prof. Əyyub Əyyubova verildi. Əyyub müəllim öz nitqində başa vurduğumuz 2014-cü ilə qısa nəzər saldı, ilin uğurlarını, nailiyyətlərini, kollecin həyatındakı yenilikləri xatırlatdı. Yeni 2015-ci ilin kollektiv üçün , hər bir müəllim və tələbə üçün xeyirli, uğurlu olmasını arzuladığını bildirdi. Eləcə də xalqımız və dövlətimiz üçün də yeni ildə ruzi-bərəkət və qələbələr gözlədiyini dilə gətirdi. Kollecin Həmkarlar Təşkilatının sədri, dos. İbrahim Əyyubov, Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, direktor müavini Əşrəf Əsgərov da çıxış edərək kollektiv üzvlərinə səmimi təbriklərini çatdırdılar. Yeni ilin rəmzləri olan Şaxta baba, Qar qız və digər bədiiləşdirilmiş obrazların şənlikdə fəal iştirakı hər kəsin qəlbində unudulmaz anlar nəsib etdi.
Bayram şənliyi bir –birini əvəz edən musiqili – bədii nömrələrlə davam etdirildi. Ayrı-ayrı fənn komissiyaları da çıxışlara qoşularaq hazırladıqları bədii nömrələri nümayiş etdirdilər. Kollecin müəllimləri Müşfiq Qurbanov, Röya Aslanovanın musiqi parçaları hər kəsin ürəyincə oldu. Tələbələrdən təşkil olunmuş bədii özfəaliyyət qrupunun üzvləri də öz nömrələrini təqdim etdilər. Kollecin əməkdaşı Aydın Quliyevin ifasında səslənən rəqs havaları bir-birini əvəz edirdi. Bayram şənliyi kollektiv üzvlərinin iştirakı ilə kütləvi rəqslə başa çatdı.
Əlavə edilmə tarixi: 31.12.2014 | Baxılma sayı: 915
Paylaş