Mingəçevir Turizm Kollecində tarixi günlər, milli və dövlət bayramları hər zaman xüsusi təntənə ilə qeyd olunur. Bu əlamətdar tarixlər arasında 31 Dekabrın xüsusi yeri var. Mingəçevir Turizm Kollecinin kollektivi ötən ilin uğurlarını, sevincli anlarını bir daha yada salaraq, yaxınlaşan yeni il üçün həmin günü hər il böyük coşğu ilə qeyd edir. Dekabrın 31-i həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi də bizim üçün ikiqat əhəmiyyət daşıyır.
Bu il kollecin Yeni il və Həmrəylik günü tədbiri dekabrın 29-da Mingəçevir şəhərinin ən möhtəşəm salonlarından biri olan “Firəngiz” şadlıq sarayında keçirildi. Sarayın geniş zalı bayram münasibətilə bəzədilmişdi, yolka isə məclisə xüsusi yaraşıq verirdi. Bayram tədbirinin aparıcıları Çinarə Məmmədova və Rəsul Məmmədov kollecin müəllimlərini və qonaqları salamladıqdan sonra kollecin direktoru prof. Ə.A.Əyyubovu təbrik nitqi üçün səhnəyə dəvət etdilər. Prof. Ə.A.Əyyubov Mingəçevir Turizm Kollecinin 2011-ci ildəki fəaliyyətini qısa şəkildə təhlil edərək yeni 2012-ci il üçün xoş arzularını ifadə etdi. Sonra kollecin fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirildi. Kollecin Həmkarlar İttifaqı Komitəsinin sədri i.e.n. İbrahim Əyyubov bayram münasibətilə ürək sözlərinı iştirakçılara çatdırdı və müəllimlərə yeni il hədiyyələrini təqdim etdi. Sonra yeni il adəti üzrə Şaxta baba və Qar qız məclisə dəvət olundu. Müəllimlərdən Emin Səfərov və Sahilə Əhmədova həmin bayram qəhrəmanlarının obrazlarını məharətlə ifa etdilər.
Tədris şöbəsinin müdiri Qəhrəman Kərimov, təlim-tərbiyə işləri üzrə direktor müavini Əşrəf Əsgərov çıxış edərək kollektivi hər iki bayram münasibətilə təbrik etdilər. Kollecin müəllimləri tədbirdə aktiv formada iştirak etdilər. Müəllimlərin ifasında şən mahnılar, duetlər, maraqlı səhnəciklər tədbirin ab-havasını daha da rəngləndirdi. Kollecin müxtəlif struktur bölmələri, fənn komissiyaları da çıxış edərək öz təbriklərini və səmimi arzularını kollektivlə paylaşdılar. Çıxış və təbriklərin, eləcə də fərdi ifaların arasında rəqs havaları səslənir, kollektiv üzvləri rəqsə dəvət olunurdu. Bayram şənliyi elə kollektiv üzvlərinin ümumi rəqsi ilə başa çatdı.
Əlavə edilmə tarixi: Apr 9 2013 10:44PM | Baxılma sayı: 1172
Paylaş